İranın vitse-prezidenti: ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref bildirib ki, 12 günlük müharibədən sonra ABŞ və onun müttəfiqləri başa düşüblər: İrana hücum edəcəkləri halda, sonda atəşkəs üçün yalvarmaq məcburiyyətində qalacaqlar.

Olaylar.az xəbər verir ki, Arefin sözlərinə görə, bu "məcbur edilmiş 12 günlük müharibə" zamanı düşmənlər sadəlövhlük edərək, İslam Respublikasının süquta uğrayacağını zənn ediblər:

"Onlar hesab edirdilər ki, xalq küçələrə çıxacaq və bu məsələ tezliklə bitəcək. Xalq doğrudan da küçələrə çıxdı, amma düşmənin gözlədiyi kimi yox, tam əksinə - birliyini nümayiş etdirdi".

Vitse-prezident həmçinin qeyd edib ki, BMT-nin baş katibi ilə görüşdə "İslam Respublikasının devrilməsi məsələsinin artıq bağlandığını" bəyan edib.

Aref əlavə edib ki, 12 günlük müharibədən sonra yaranan həmrəylik və birləşmə ölkə üçün ölçülməz sosial kapitaldır:

"Biz müharibənin tərəfdarı deyilik və heç vaxt münaqişənin təşəbbüskarı olmamışıq. Hazırkı vəziyyətimiz dörd ay öncədən xeyli yaxşıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31