Gürcüstanın Baş Naziri: “ABŞ ölkəmizdəki iğtişaş cəhdini qınamalıdır” - ÖZƏL
15:22 DünyaGürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentini ölkəsində 4 oktyabrda baş vermiş hakimiyyəti devirmə cəhdini qınamağa çağırıb. Olaylar.az xəbər verir ki, o, bildirib ki, bu addım Vaşinqtonun hadisələrdə maraqlı olmadığını sübut edəcək.
"Dövlət Departamentinə çağırışım ondan ibarətdir ki, hakimiyyəti devirmə cəhdini açıq şəkildə pisləsin və bununla Gürcüstan xalqına göstərsin ki, ABŞ-ın ölkəmizdə belə bir marağı yoxdur", - deyə Kobaxidze brifinqdə bildirib.
Baş nazirin sözlərinə görə, Dövlət Departamenti sübut etməlidir ki, "dərin dövlətin" təsiri altında deyil və ABŞ xalqının maraqlarına uyğun şəkildə hərəkət edir. Onun fikrincə, bunun ən sadə sübutu hakimiyyəti devirmə cəhdini açıq şəkildə qınamaq olardı.
Xatırladaq ki, 4 oktyabrda Tbilisidə bələdiyyə seçkiləri günü müxalifətin mitinqi keçirilib. Aksiya təşkilatçıları həmin gün hökumətin devriləcəyini elan edərək, mitinq iştirakçılarını "prezident sarayının açarlarını ələ keçirməyə" çağırıblar. Bundan sonra etirazçılardan bir qrup saray rezidensiyasına tərəf yürüş edib və ərazidəki hasarı dağıdıb. Polis iğtişaşın qarşısını almaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Hadisə zamanı beş təşkilatçı hakimiyyəti devirməyə çağırış və kütləvi zorakılıq təşkil etmə ittihamı ilə saxlanılıb. Onları doqquz ilədək həbs cəzası gözləyir. Ümumilikdə 18 etirazçı da qanunsuz hərəkətlərdə iştiraka görə tutulub.