HƏMAS razılaşmaq üçün İsraildən onların meyitlərini TƏLƏB EDİR
14:35 DünyaFələstinin HƏMAS hərəkatı İsraillə girovların azad edilməsi üzrə mümkün razılaşmanın bir hissəsi olaraq Qəzzanın radikal liderləri Yəhya Sinvar və onun qardaşı Məhəmmədin meyitlərinin qaytarılmasını tələb edib.
Olaylar.az xəbər verir ki, bu barədə hərəkata yaxın mənbələr Fələstinin "Maan" agentliyinə məlumat verib.
Agentliyin yaydığı xəbərə görə, HƏMAS nümayəndələri Misirdə Qəzza üzrə aparılan məsləhətləşmələr zamanı "girovların dəyişdirilməsi müqaviləsinə Yəhya Sinvar və onun kiçik qardaşı Məhəmmədin cəsədlərinin HƏMAS-a təhvil verilməsi öhdəliyinin daxil edilməsini" tələb ediblər. İsrail əvvəllər Sinvarı "terrorizmin simvolu" hesab edərək onun meyitini qaytarmaqdan qəti şəkildə imtina edirdi.
Qeyd edək ki, Yəhya Sinvar 2017-ci ildən Qəzza zolağında HƏMAS-a rəhbərlik edib. O, 6 avqust 2024-cü ildə Tehranda əvvəlki radikal lider İsmayıl Haniyənin öldürülməsindən sonra hərəkatın siyasi bürosunun rəhbəri seçilmişdi. Oktyabrın 16-da Sinvar Qəzzanın cənubunda İsrail qüvvələri tərəfindən öldürülüb.
İsrail Sinvarı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumlarının təşkilatçılarından biri hesab edirdi. Onun kiçik qardaşı Məhəmməd isə HƏMAS-ın hərbi qanadının rəhbəri kimi fəaliyyət göstərib və may ayında İsrail qüvvələri tərəfindən öldürülüb.
Hazırda İsrail radikal Fələstin qruplarının ən tanınmış altı üzvünü girovların azad edilməsi müqabilində həbsdən buraxmaqdan imtina edir. Onların arasında "Fəth" hərəkatının aparıcı simalarından Mərvan Barquti və Fələstinin Azadlıq Xalq Cəbhəsinin baş katibi Əhməd Səadət də var. İsrail hakimiyyəti onları da Sinvar qardaşları kimi "terrorizmin simvolu" hesab edir.