Rusiya Tomahawk raketləri ilə bağlı ABŞ-yə xəbərdarlıq edib – ÖZƏL
13:42 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Birləşmiş Ştatları Ukraynaya "Tomahawk" qanadlı raketlərinin tədarükü məsələsinə ayıq və sağlam düşüncə ilə yanaşmağa çağırıb.
Diplomat vurğulayıb ki, bu qanadlı raketlərin və onların buraxılış qurğularının istifadəsi yalnız Amerika personalının iştirakı ilə mümkündür.
Daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində Tramp administrasiyasının Ukraynaya "Tomahawk" qanadlı raketlərinin mümkün tədarükünü müzakirə etdiyini bildirmişdi. Daha sonra Donald Tramp özü bu uzunmüddətli raketlərin verilməsi barədə "bir növ qərar qəbul etdiyini", lakin Ukrayna Silahlı Qüvvələrinin "Tomahawk"ları məhz nə üçün istifadə edəcəyini bilmək istədiyini söyləmişdi.
Ryabkov jurnalistlərə açıqlamasında deyib: "Əgər bu baş verərsə, belə sistemlərin peyda olması vəziyyətdə əhəmiyyətli, hətta keyfiyyət dəyişikliyi demək olacaq. Lakin bu, qarşımıza qoyulan məqsədlərə nail olmaq qətiyyətimizə təsir etməyəcək".
Diplomat, həmçinin, Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçirilən görüşdən sonra yaranan Ukrayna nizamlanmasına dair impulsun tükəndiyini qeyd edib. O, bunu ilk növbədə avropalıların dağıdıcı fəaliyyətinin nəticəsi adlandırıb.
Strateji Hücum Silahları Müqaviləsi ilə bağlı Putin təşəbbüsünə toxunan Ryabkov, Moskvanın Vaşinqtondan hələ rəsmi reaksiya almadığını bildirib. Onun fikrincə, Rusiya öz təklifi ilə ABŞ-yə əl uzadıb, lakin əgər Ştatlar maraqlı deyilsə, Rusiya da onsuz keçinəcək.