Leyen: Avropaya qarşı hibrid hücumlar ciddi təhdiddir, cavab verilməlidir - ÖZƏL

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Parlamentində çıxış edərək bildirib ki, Avropanın hava məkanı və kritik infrastrukturu son həftələrdə ardıcıl və məqsədyönlü hücumların hədəfi olub. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, bu, təsadüfi deyil, planlı və eskalasiya olunan kampaniyadır. "Son iki həftə ərzində MiQ tipli qırıcılar Estoniya hava məkanını pozub, dronlar isə Belçika, Polşa, Rumıniya, Danimarka və Almaniyanın kritik obyektləri üzərində uçublar. Bu, artan təhlükələrin narahatedici nümunəsidir," - deyə fon der Leyen qeyd edib. O, əlavə edib ki, bu, Avropa vətəndaşlarını qorxutmaq, birlikdəliyimizi sınamaq, Avropa İttifaqını parçalamaq və Ukraynaya dəstəyimizi zəiflətmək məqsədilə aparılan hibrid müharibədir: "Bir insident səhv ola bilər, iki - təsadüf. Amma üç, beş, on? Bu, Avropaya qarşı yönəlmiş məqsədli 'boz zona' kampaniyasıdır. Avropa buna cavab verməlidir." Avropa Komissiyası prezidenti həmçinin bildirib ki, Avropa yalnız cavab verməklə kifayətlənməməli, həm də bu hücumları dayandırmalıdır: "Əgər tərəddüd etsək, "boz zona" yalnız genişlənəcək."
Fon der Leyen çağırış edib ki, Avropa "dronlara qarşı divar" sistemi ilə təchiz olunsun - bu, sürətli aşkarlama, müdaxilə və lazım gəldikdə neytrallaşdırmanı təmin edəcək müasir sistem olmalıdır. Onun sözlərinə görə, bu sahədə Ukraynanın təcrübəsi öyrənilməlidir və dron əleyhinə sistem Avropa Birliyi üçün qoruyucu qalxan rolunu oynayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31