Medvedçuk: Avropa müharibəyə doğru gedir - ÖZƏL
11:28 Dünya"Digər Ukrayna" hərəkatının rəhbəri, Ukraynada qadağan olunmuş "Həyat Naminə Müxalifət Platforması" partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib ki, Avropa "ukrayna ssenarisini" təkrarlayır və sürətlə müharibəyə doğru irəliləyir. Olaylar.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, hazırda Avropada "müharibə partiyası" hakim mövqedədir və sülh tərəfdarları təzyiqlərə məruz qalır. "Avropada Ukrayna ssenarisi işləməkdə davam edir: sülh tərəfdarı partiyalar və müxalif media məhv edilir, hakimiyyətdən danışıqlar tələb edən siyasətçilər 'xain' və 'xarici casus' kimi damğalanır, əhali qorxu altında saxlanılır və konstitusiya hüquqlarından məhrum edilir. Ardınca isə müharibə başlayır - həyatları məhv edən, ölkələri dağıdan müharibə", - deyə Medvedçuk "Smotrim.ru" saytında dərc olunan müəllif yazısında bildirib.
O qeyd edib ki, Avropada hərbi isteriya artıq pik həddə çatıb. Məsələn, Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus Almaniya kəşfiyyatının guya Rusiyanın NATO-ya hücuma hazırlaşdığı barədə sübutlara malik olduğunu iddia edib. "Avropa yeddi millik addımlarla müharibəyə doğru gedir", - deyə Medvedçuk vurğulayıb. Siyasətçi əlavə edib ki, Avropa İttifaqı Ukraynada müharibəni maliyyələşdirməklə onun davam etməsinə şərait yaradır: "Əgər bu maliyyə yardımı olmasaydı, müharibə çoxdan bitərdi. Avropa təkcə rus hərbçilərinin deyil, həm də Rusiya mülki vətəndaşlarının ölümünü maliyyələşdirir, üstəlik Moskvanı hərbi potensialını artırmaqda ittiham edir."
Medvedçukun fikrincə, Avropa siyasi elitası artıq müharibə ideyasını qəbul edib və alternativ yol görmür. "Az sayda siyasətçi hələ də parlament tribunalarından ayılmağa çağırır, lakin onlar dərhal 'xain' adlandırılır və təqiblərə məruz qalırlar. Antirusiya isteriyası isə Avropaya baha başa gəlir- bu, iqtisadi cəhətdən Qlobal Cənubu gücləndirir, Avropanı isə tükəndirir", - deyə o bildirib.