ABŞ Senatı Trampın irəli sürdüyü 107 namizədin təyinatını təsdiqlədi - ÖZƏL
8 Oktyabr 2025 11:02 DünyaABŞ-da Respublikaçılar Partiyasının nəzarətində olan Senat prezident Donald Trampın təqdim etdiyi 107 namizədin təyinatını təsdiqləyib. Səsvermə partiya xətti üzrə aparılıb - 51 respublikaçı qərarı dəstəkləyib, 47 demokrat isə əleyhinə səs verib. Olaylar.az xəbər verir ki, respublikaçıların Senatdakı rəhbərliyinin nümayəndəsi Con Barasso bildirib ki, demokrat senatorların uzunmüddətli blokadası təyinat prosesini ləngitmişdi:
"Demokratların hərəkətləri təkcə hökumətin işini deyil, həm də Senatı iflic etmişdi. Aylarla davam edən bu blokadadan sonra bu axşam biz 107 namizədin təsdiqi ilə bu maneəni aradan qaldırdıq," - deyə o vurğulayıb.
Təsdiqlənənlər arasında 20-dən çox səfir, 10 prokuror, eləcə də ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının rəhbəri var. Qərara əsasən, keçmiş amerikalı futbolçu Herşel Uolker son 15 ildə ilk dəfə ABŞ-ın Baham adalarına səfiri təyin edilib. Bundan əlavə, Ağ Evin kadr idarəsinin rəhbəri Serjio Qora ABŞ-ın Hindistandakı səfiri postuna təsdiqlənib.
Səsvermədən sonra Senatın Tramp tərəfindən irəli sürülmüş daha 26 namizədin təsdiqinə baxması planlaşdırılır - onlardan 16-sı icraedici hakimiyyətə, 10-u isə məhkəmə sisteminə aiddir. Yayda respublikaçılar namizədlərin qrup halında səsvermə yolu ilə təsdiqlənməsini mümkün edən yeni prosedur qəbul ediblər. Bu addım demokratların tez-tez müraciət etdiyi obstruksiya - qanun layihələrinin müzakirəsini süni şəkildə uzadaraq qəbulunun qarşısını alma üsuluna cavab kimi atılıb. Sentyabrda respublikaçılar artıq 50-dən çox namizədin təsdiqini həyata keçirmişdilər. Beləliklə, hazırkı dövrə qədər Senat Trampın ümumilikdə 298 namizədini təsdiqləyib. Bu rəqəm eyni dövrdə Prezident Co Bayden dövründə təsdiqlənən 201 və Trampın ilk prezidentlik müddətində təsdiqlənən 183 namizəddən daha çoxdur.