Dodon: “Avropa İttifaqı Moldovanı müharibəyə hazırlayır” - ÖZƏL

Moldovanın keçmiş prezidenti və Sosialistlər Partiyasının lideri İqor Dodon Avropa İttifaqını (Aİ) ölkəsini müharibəyə hazırlamaqda ittiham edib. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Brüssel Moldovanı gələcək Aİ üzvü kimi deyil, "ön cəbhə ərazisi" kimi görür. "Avropa İttifaqının hazırkı rəhbərliyi Moldovanı müharibəyə hazırlaşdırır və ölkəmizə potensial Aİ üzvü kimi yox, öz geosiyasi rəqiblərinə qarşı istifadə oluna biləcək cəbhə xətti kimi baxır. Buna görə də onlara burada özlərinə tabe olan hakimiyyət - Maya Sandu və onun Fəaliyyət və Həmrəylik Partiyası lazımdır. Onlar Moldovanı hərbi texnika ilə təmin etməklə, lazım gələrsə, daha bir 'isti nöqtə' yaratmağa çalışırlar," - deyə Dodon "Telegram" kanalında yazıb. Xatırladaq ki, Moldovanın parlamenti prezident Maya Sandunun təklif etdiyi yeni milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Sənəddə Rusiya ölkənin əsas təhlükə mənbəyi kimi göstərilir. Strategiyaya əsasən, Moldova konstitusiyasında qeyd olunan daimi neytrallığa baxmayaraq, NATO və Aİ ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək və müdafiə xərclərini artıracaq.
Müxalifət partiyaları iqtisadi böhran dövründə milyonlarla avronun hərbi məqsədlərə yönəldilməsini kəskin tənqid ediblər. Bu kurs həmçinin Qaqauziya muxtariyyəti və tanınmamış Dnestryanı bölgənin rəhbərliyində narahatlıq yaradıb. Son zamanlar NATO-nun təhlükəsizlik zonasına yaxın ərazilərdə keçirdiyi təlimlər və küçələrdə xarici hərbçilərin görünməsi Moldovada ictimai narazılığa səbəb olub. Rusiya Xarici Kəşfiyyat Xidməti isə Aİ və ya NATO qüvvələrinin Moldovaya daxil olmaq ehtimalını istisna etməyib. Qurumun məlumatına görə, belə bir addım Dnestryanıda və ya oradakı rus sülhməramlılarına qarşı təxribatlar fonunda atıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31