Kanada və ABŞ ticarət danışıqlarını sürətləndirməyə razılaşıblar - ÖZƏL 

Kanadanın Baş naziri Mark Karni və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında bütün zəruri ticarət razılaşmalarının qısa zamanda yekunlaşdırılması ilə bağlı tapşırıq veriblər. Olaylar.az xəbər verir ki, bu barədə National Post qəzeti Kanada nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, 7 oktyabrda Vaşinqtonda keçirilən görüşdə liderlər danışıqlar qruplarına "lazımi ticarət sazişlərinin tezliklə bağlanması" barədə göstəriş veriblər. Bildirilir ki, Kanadanın ABŞ-la ticarətə cavabdeh naziri Dominik Leblan Karni ölkəyə qayıtdıqdan sonra bir neçə gün Vaşinqtonda qalacaq.
Görüşdən sonra Tramp ABŞ və Kanada arasında gərgin ticarət məsələlərinin həllinə dair konkret cavab verməsə də, Mark Karninin fəaliyyətini yüksək qiymətləndirərək onu "çox yaxşı lider" adlandırıb.
Xatırladaq ki, Ottava və Vaşinqton 1 avqusta qədər ticarət razılaşması əldə edə bilmədikdən sonra, Tramp bəzi Kanadadan idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını 25%-dən 35%-ə qaldırmışdı. Hazırda Kanadanın polad və alüminiumuna tətbiq olunan rüsumlar 50% təşkil edir.
Kanada isə 1 sentyabrdan etibarən bir sıra Amerika məhsullarına qarşı tətbiq etdiyi cavab rüsumlarının bir hissəsini ləğv edib. Bu addım ölkənin ticarət balansındakı rekord kəsir fonunda atılıb-2025-ci ilin ikinci rübündə bu göstərici 19,5 milyard Kanada dollarına (təxminən 14 milyard ABŞ dolları) çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31