ABŞ kəşfiyyatı media sızmalarına qarşı poliqrafiya testlərini gücləndirir - ÖZƏL 

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard əməkdaşların media sızmalarına dair poliqraf (yalan detektoru) testindən keçirilməsini nəzərdə tutan göstəriş verib. Olaylar.az xəbər verir ki, bu barədə CBS News telekanalı oktyabrın 7-də hökumət qurumundakı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Qabbard əmrdə qeyd edib ki, mediaya məlumat sızmalarını aşkar etmək üçün poliqrafiya testlərindən istifadə artıq əks-kəşfiyyat istintaqları çərçivəsində daha adi bir təcrübəyə çevriləcək. Bununla yanaşı, mənbələr bildiriblər ki, "ABŞ hökumətinin müəyyən məlumatları gizli saxlamaq hüququ olduğu kimi, cəmiyyətin də bəzi kəşfiyyat məsələləri barədə məlumat almaq haqqı var." Milli Kəşfiyyat Direktorunun ofisi isə açıqlamasında bildirib ki, Qabbardın təşəbbüsü yeni qaydaların tətbiqini nəzərdə tutmur, sadəcə mövcud təcrübələrin əhəmiyyətini vurğulayır. Qurumun açıqlamasında qeyd olunub ki, söhbət təsadüfi yoxlamalardan deyil, yalnız əks-kəşfiyyat fəaliyyəti ilə əlaqəli hallardan gedir.
CBS News həmçinin diqqətə çatdırıb ki, prezident Donald Tramp administrasiyası dövründə mediaya sızmalara qarşı nəzarət daha da güclənsə də, ABŞ-ın əvvəlki liderləri də - siyasi mənsubiyyətlərindən asılı olmayaraq milli təhlükəsizliyə təhdid yarada biləcək məlumat sızmalarına qarşı mübarizə aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31