Daniyada 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan oluna bilər
04:33 DünyaDaniya hökuməti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadə etməsini qadağan etməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Baş nazir Mette Frederiksen parlamentdə çıxışı zamanı mobil telefonlar və sosial şəbəkələr uşaqlığı oğurladığını bildirib. Onun sözlərinə görə, statistik göstəricilər də bu problemin ciddiliyini göstərir. Ölkədə 11-19 yaşlı uşaqların 60 faizi dostları ilə görüşməkdən imtina edərək evdə vaxt keçirməyi üstün tutur.
Təklif olunan qaydalara əsasən, 13 yaşdan etibarən uşaqlar sosial şəbəkələrdən yalnız valideyn icazəsi ilə istifadə edə biləcəklər. Baş nazir qeyd edib ki, məqsəd uşaqların həm fiziki, həm də psixoloji sağlamlığını qorumaq, onların normal sosial inkişafına şərait yaratmaqdır.
Hökumət həmçinin sosial şəbəkələrin uşaqlara verdiyi mənfi təsirləri minimuma endirmək üçün təhsil proqramları və maarifləndirmə kampaniyaları aparmağı planlaşdırır.