Putin və Si razılaşa bilmədi
16:55 DünyaRusiya ilə Çin arasında "Sibir Gücü-2" qaz kəmərinin tikintisinə dair danışıqlar gözlənildiyi kimi nəticələnməyib.
Olaylar.az xəbər verir ki, bu iln sentyabrında Çinə səfəri zamanı Vladimir Putin və Si Cinpin yeni qaz tədarükünün qiyməti və əsas investisiya şərtləri barədə razılıq əldə edə bilməyiblər.
Rusiya tərəfi bu layihəni "hüquqi cəhətdən məcburi razılaşma" kimi təqdim etsə də, əslində təchizat həcmləri, investisiya şərtləri və qazın vurulma tarixi kimi əsas məsələlər açıq qalıb. Layihənin illik gücü 50 milyard kubmetr qaz nəzərdə tutur.
Mənbələrin bildirdiyinə görə, hətta razılaşma 2026-cı ildə imzalansa belə, kəmərin tikintisi ən azı 5 il çəkəcək, tam gücə çatması isə 2034-2035-ci illərə qədər uzanacaq.
Hazırda "Qazprom" Çinə ildə 38 milyard kubmetr qaz ötürür - bu, 2019-cu ildə istifadəyə verilən "Sibir Gücü-1" xətti ilə həyata keçirilir. 2027-ci ildən isə Uzaq Şərq marşrutu üzrə əlavə 12 milyard kubmetr tədarük planlaşdırılır.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, bu il Çin "Qazprom" qazını 1000 kubmetrə görə 248 dollara alır ki, bu da digər xarici müştərilərin ödədiyi qiymətdən 38% azdır. 2026-cı il üçün proqnozlara görə, Çin üçün qiymət 240 dollara düşəcək və digər alıcılara nisbətən 37% aşağı olacaq.
Beləliklə, ekspertlər hesab edirlər ki, Moskva Pekinə güzəştli qiymətlərlə qaz satmağa məcburdur, bu isə Rusiyanın Asiya bazarına yönəlmə strategiyasının iqtisadi risklərini bir daha üzə çıxarır.