Köçəryan: “Ermənistanın tranzit potensialı demək olar ki, yoxdur” – ÖZƏL
12:48 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan 7 oktyabrda keçirdiyi mətbuat konfransında bildirib ki, "Vaşinqton sənədləri"nin təqdim etdiyi "Dünyanın kəsişmə nöqtəsi" təşəbbüsü Ermənistan üçün real tranzit imkanları yaratmır.
Köçəryanın sözlərinə görə, tranzit potensial üç amildən ibarətdir: ölkənin geosiyasi mövqeyi, relyefi və yol infrastrukturu. "Türkiyə, Gürcüstan, Azərbaycan və İran bir-biri ilə əlaqə saxlaya bilir və heç biri bu məqsədlə Ermənistan ərazisindən istifadə etmir. Ermənistanın coğrafi mövqeyinə görə tranzit potensialı faktiki yoxdur," - deyə o qeyd edib.
Köçəryan yalnız Azərbaycan-Türkiyə istiqamətində nəzərdə tutulan dəhlizi istisna kimi dəyərləndirib və bu layihənin əsasən Türkiyənin maraqlarına xidmət etdiyini vurğulayıb.
O, həmçinin TRIPP layihəsindən Ermənistanın gözləntilərini şərh edərək bildirib: "Əgər Yerasx-Culfa-İran və Azərbaycan ərazisindən keçən dəmir yolu işləsə, bu, Ermənistan üçün maraqlı olar. Əks halda, layihə mənasız və təhlükəlidir."
Köçəryan əlavə edib ki, Türkiyənin Kars-İğdır-Naxçıvan dəmir yolunu inşa etməsi fonunda Ermənistanın İrana və Rusiyaya çıxışı olmaya bilər. "Belə vəziyyətdə ABŞ-ni nəyəsə məcbur edə biləcəyimizə inanmıram," - deyə sabiq prezident bildirib.