Tramp: “İsrail və Həmas razılığa çox, çox yaxındır” - ÖZƏL
11:22 DünyaABŞ prezidenti Donald Tramp hesab edir ki, İsrail və Həmas arasında vasitəçilər vasitəsilə aparılan danışıqlar yekun razılaşmaya "çox, çox yaxınlaşıb". Olaylar.az xəbər verir ki, Tramp bu fikirləri Newsmax telekanalına verdiyi müsahibədə bildirib: "Düşünürəm ki, biz razılaşmaya çox-çox yaxınıq. Bütün ərəb ölkələri, bütün müsəlman ölkələri bu razılaşmanı istəyir. Dünyanın buna ehtiyacı var. Bu, xüsusi bir razılaşmadır və təkcə Qəzzada deyil, bütün Yaxın Şərqdə sülh yaradacaq. Hazırda tərəflərin çox böyük xoş niyyət nümayiş etdirdiyini görürəm və bu, heyrətamizdir." Xatırladaq ki, bazar ertəsi Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəsə dair danışıqların yeni mərhələsi başlayıb. "Əl-Qahira əl-İxbaria" telekanalının məlumatına görə, görüşlər "müsbət atmosferdə" keçib və çərşənbə axşamı davam etdiriləcək.
Sentyabrın 29-da Ağ Ev Trampın təşəbbüsü ilə hazırlanmış Qəzza münaqişəsinin həlli üzrə "əhatəli sülh planı"nı açıqlayıb. 20 bənddən ibarət sənəd Fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiqini və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.
İsrail artıq plana razılığını bildirib. Daha sonra HƏMAS da Qəzzada saxlanılan bütün sağ israilli girovları azad etməyə və həlak olanların cəsədlərini təhvil verməyə hazır olduğunu açıqlayıb.