Fridrix Merts: “Rusiya Avropanın düşmənidir” - ÇOX SƏRT
11:12 DünyaAlmaniya kansleri Fridrix Merts "Pinar Atalay" verilişinə müsahibəsində Rusiyanı Avropa üçün əsas təhlükə adlandırıb.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, Moskvanın fəaliyyəti yalnız Ukraynaya qarşı deyil, bütövlükdə regionun siyasi sabitliyinə yönəlib.
Merts vurğulayıb:
"Rusiya, ən azı, ciddi bir rəqib və siyasi nizamımızın düşmənidir. Kreml müasir Avropa dəyərlərini, hüquqi və demokratik sistemi hədəfə alıb".
Alman kansleri hesab edir ki, Avropa bu təhdidə qarşı vahid mövqe sərgiləməli, müdafiə potensialını və siyasi birliyini gücləndirməlidir. Onun fikrincə, Ukraynaya dəstək sadəcə yardım deyil, həm də Avropanın öz təhlükəsizliyinə yatırılmış sərmayədir.
Mertsin bu sərt bəyanatı Rusiyanın Avropaya qarşı yeni hibrid və informasiya təzyiqlərinin artdığı dövrə təsadüf edir və Berlinin Moskvaya qarşı mövqeyində tonun daha da sərtləşdiyini göstərir.
Musavat.com-un arayışı:
Fridrix Mertsin müsahibə verdiyi jurnalist Pınar Atalay türkdür, Almaniyanın tanınmış telejurnalistidir. 27 aprel 1978-ci ildə Almaniyanın Lemqo şəhərində doğulub. Karyerasına radio jurnalistikası ilə başlayıb, daha sonra Almaniyanın WDR və ARD telekanallarında aparıcılıq edib. 2014-2021-ci illərdə ARD-nin "Tagesthemen" proqramında aparıcı kimi tanınıb. 2021-ci ildən RTL kanalında siyasi və ictimai debat proqramlarını, o cümlədən "RTL Direkt" və seçkiyə həsr olunmuş müsahibə layihələrini aparır.
2025-ci ildə "İlin Media Qadını" mükafatına layiq görülüb. Atalay miqrant mənşəli, lakin Alman mediasında nüfuz qazanmış aparıcılardan biridir və özünü "sosial ədalət və azad mətbuatın müdafiəçisi" kimi təqdim edir.