ABŞ-da Snapchat-da qətl sifarişi verən qeyri-qanuni miqrant həbs edilib - ÖZƏL

ABŞ-da sosial şəbəkə vasitəsilə yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşının qətlini sifariş edən qeyri-qanuni miqrant saxlanılıb. Olaylar.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) məlumatına görə, Xuan Espinosa Martines adlı şəxs "Snapchat" sosial platformasında ABŞ Gömrük və Sərhəd Xidməti zabiti Qreqori Bovinonun öldürülməsi üçün 10 min dollar mükafat təklif edib. Martines həmçinin zabitin yerini bildirənlərə 2 min dollar vəd edib.
Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs Latin Kings adlı küçə bandasının üzvüdür. DHS əməkdaşları onun sosial şəbəkədəki yazışmalarına çıxış əldə ediblər və paylaşılan mesajları "qətl sifarişi cəhdi" kimi qiymətləndiriblər.
Nazirliyin yaydığı açıqlamada bildirilib:
"Biz hökumət rəsmilərinə və hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı cinayətkar qrupların hücumlarına imkan verməyəcəyik. ABŞ İmmiqrasiya və Gömrük Polisi və digər federal qurumların birgə əməliyyatı nəticəsində bu cinayətkar küçələrimizdən yoxa çıxaraq həbsxanaya göndərilib."
The New York Times qəzetinin yazdığına görə, Qreqori Bovino Kaliforniyada, Meksika sərhədindəki sərhəd xidməti bölməsinə rəhbərlik edir və prezident Donald Trampın immiqrasiya siyasətini həyata keçirən əsas fiqurlardan biri olub. Onun rəhbərlik etdiyi əməliyyatlar Çikaqo və Los-Anceles kimi şəhərlərdə həyata keçirilib. Lakin Bovinonun sərt metodları ABŞ-da bəzi demokrat yönümlü media və miqrant hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən tənqid olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31