Netanyahu Mərvan Bərqutinin azad edilməsini istisna edib
15:17 Dünyaİsrailin Baş naziri Binyamin Netanyahu fələstinli siyasi xadim, FƏTH hərəkatının üzvü Mərvan Bərqutinin Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı razılaşma çərçivəsində azad edilməyəcəyini bəyan edib.
Bu barədə "Kanal-12" mənbələrə istinadən bildirib.
Məlumata görə, İsrail hökumətinin başçısı bunu bazar günü milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə görüşü zamanı deyib.
Danışıqlar zamanı B.Netanyahu təsdiq edib ki, "Bərquti başda olmaqla terrorizmin simvolları" HƏMAS-la razılaşmanın icrasının heç bir mərhələsində yer almayacaq.
Mənbələr həmçinin bildirir ki, görüşdə Ben-Qvir baş nazirə sülh planının mümkün həyata keçirilməsinə hazırlıq məqsədilə bir sıra tələblər təqdim edib.
Mərvan Bərquti Fələstin müqavimətinin əsas simvollarından biri hesab edilir və 2002-ci ildən İsrail həbsxanasında saxlanılır. İsrail məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib./Report