ABŞ Qəzza danışıqlarında girov mübadiləsini prioritet sayır - ÖZƏL
13:38 DünyaABŞ, İsrail və radikal Fələstin hərəkatı HƏMAS arasında Misirdə baş tutacaq dolayısı ilə danışıqlarda əsas məqsədin İsrail girovlarının və Fələstin həbsxanalarındakı şəxslərin azad olunmasına nail olmaq olduğunu bildirir. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı The Wall Street Journal ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadla yayıb. Rəsminin sözlərinə görə, danışıqlar üçün rəsmi son tarix müəyyən edilməyib və ərəb vasitəçilər ilə ABŞ rəsmiləri başa düşür ki, proses uzun çəkə bilər. Buna baxmayaraq, İsrail girovları və Fələstin həbsxanalarındakı şəxslərin məsələsi ən prioritet mövzu hesab olunur.
Misir Xarici İşlər Nazirliyi əvvəlcə bildirib ki, İsrail və HƏMAS arasında yeni dolayısı ilə danışıqlar 6 oktyabr tarixində Misir ərazisində keçiriləcək. Tərəflər ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi plan əsasında tənzimləməni müzakirə etməyi planlaşdırır.
29 sentyabrda Ağ Ev Trampın Qəzza konfliktinin həllinə yönəlmiş "hərtərəfli planını" açıqlayıb. Plana görə, Fələstin ərazisində müvəqqəti xarici idarəetmə tətbiq olunacaq və beynəlxalq qüvvələr yerləşdiriləcək. Sənədə əsasən, HƏMAS İsrailə bütün girovları - sağ qalan və öldürülmüş qaytarmalıdır. İsrailin məlumatına görə, sentyabrın sonuna HƏMAS Qəzzada 20 sağ girov və 28 öldürülmüş şəxsin cəsədini saxlayırdı.
Plan çərçivəsində HƏMAS girovları verdikdən sonra İsrail 250 ömürlük həbs cəzası çəkən Fələstinliyi, həmçinin 7 oktyabr 2023-dən sonra saxlanılan 1,7 min Qəzza sakinini azad etməlidir. Həmçinin hər girov üçün İsrail 15 ölü Fələstinlinin cəsədini qaytarmalıdır.