Tbilisidə son vəziyyət - Prezident sarayına hücum edildi
12:58 DünyaGürcüstanın paytaxtı Tbilisidə dünən axşam da hökumət əleyhinə aksiya təşkil edilib. Prezident sarayına yürüş edən nümayişçilər binaya daxil olmağa cəhd göstəriblər.
Olaylar.az xəbər verir ki, polis etirazçıları dağıtmaq üçün bibər qazı və su şırnaqlarından istifadə edib, beş nəfər saxlanılıb. Həbs edilənlər arasında aksiya təşkilatçılarından biri - tanınmış opera müğənnisi Paata Burçuladze də var.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 21 polis əməkdaşı və 6 etirazçı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Etirazçılar Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının siyasətinə qarşı çıxır, ölkədə demokratiyanın qorunmasını və Aİ-yə üzvlük danışıqlarının bərpasını tələb edirlər.
Nümayişçilər "Gürcü Arzusu"nu "Rus arzusu" adlandıraraq hökuməti Moskvanın maraqlarına xidmət etməkdə ittiham ediblər.
Aksiya yerli seçkilərlə eyni gündə keçirilib. Müxalifət partiyaları seçkiləri boykot edib, nəticələrdə isə "Gürcü Arzusu" hər bələdiyyədə səslərin 80 faizindən çoxunu toplayıb.
Gecə saatlarında Tbilisinin mərkəzi Rustaveli prospektində toplanan minlərlə insan arasında qaz maskası və dəbilqə taxanlar da olub. Polis bəzi etirazçıları "küçələri bağlamaq" səbəbilə 5000 laridən (təxminən 1835 dollar) çox cərimələyib.
Gürcüstan hökuməti isə bildirir ki, ölkəni sabitlikdən çıxarmağa çalışan heç kim "cəzasız qalmayacaq".