ABŞ-də hökumət böhranı uzana bilər — analitiklər xəbərdarlıq edir – ÖZƏL
11:35 DünyaABŞ-də prezident Donald Tramp dövründə demokratlar və respublikaçılar arasında gedən siyasi qarşıdurma federal hökumətin fəaliyyətinin müvəqqəti dayanmasını (şatdaun) uzunmüddətli böhrana çevirə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Ölkə artıq ikinci həftədir ki, şatdaun vəziyyətindədir - federal agentliklərin işi iflic olub, tərəflər isə kompromisə meylli görünmür.
"Tamamilə mümkündür ki, bu vəziyyət bir neçə gün deyil, həftələrlə davam etsin," - deyə senator Çak Şumerin sabiq mətbuat katibi Endryu Koneşçuski bildirib. Onun sözlərinə görə, hazırda tərəflər inadla öz mövqelərini müdafiə edir və kompromis danışıqları aparılmır.
Qarşıdurmanın əsas səbəbi demokratların az gəlirli amerikalılar üçün nəzərdə tutulan səhiyyə subsidiyalarının uzadılmasını tələb etməsidir. Bu subsidiyalar ləğv edilərsə, milyonlarla vətəndaş üçün səhiyyə xərcləri kəskin artacaq.
Prezident Tramp isə demokratları büdcəni bloklamaqda ittiham edərək bildirib ki, "onlar bu vəziyyəti yaradırlar, biz isə irəliləməyə hazırıq". O, həmçinin administrasiyanın artıq bəzi federal işçiləri ixtisar etməyə başladığını deyib.
Ekspertlər hesab edirlər ki, əgər razılıq əldə olunmazsa, şatdaun 2018-2019-cu illərdəki rekord müddətə - beş həftəyə qədər uzana bilər.
Politoloq Ceyms Drukman qeyd edib ki, Tramp administrasiyası "özünü məhdudiyyətsiz səlahiyyətli" sayır və kompromisə getməyə meylli deyil.
2018-2019-cu illərin təcrübəsinə əsasən, şatdaunun iqtisadiyyata 11 milyard dollarlıq zərər vurduğu, bunun 3 milyardının isə bərpa olunmadığı bildirilir. ABŞ maliyyə naziri Skott Bessent də bu dəfə ÜDM artımına risklər yarana biləcəyini xəbərdar edib.
Bununla belə, bəzi ekspertlər vəziyyətin uzun çəkməyəcəyini düşünür. Hogan Lovells təşkilatının eksperti Aaron Katlerin fikrincə, şatdaun 12 gündən çox davam etməyəcək, çünki "demokratlar Senatda ilk olaraq güzəştə getməyə məcbur qalacaqlar".