Nazir: “Rusiya Almaniyada qorxu yaratmaq üçün psixoloji əməliyyatlar aparır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Handelsblatt qəzetinə müsahibəsində Almaniya hava limanları üzərində müşahidə edilən pilotsuz uçuş aparatları (PUA) ilə bağlı xəbərlər fonunda sakitliyin qorunmasına çağırıb. O bildirib ki, bu kimi hadisələr çox güman ki, qorxu və qeyri-müəyyənlik atmosferi yaratmağa yönəlmiş psixoloji əməliyyatlarla əlaqəlidir.

Nazirin sözlərinə görə, Rusiya bu cür addımlardan Almaniyada ictimai sabitliyi pozmaq məqsədilə istifadə edir:
"Bu, təxribatdır - qorxu yaratmaq, ictimaiyyəti çaşdırmaq, şübhə toxumu səpmək və lazımsız müzakirələrə səbəb olmaq cəhdidir," - deyə Pistorius vurğulayıb.

O həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Almaniyanı, onun mentalitetini və "cəmiyyətin reflekslərini" yaxşı tanıyır:
"Putin anlayır ki, hansı mövzular bizdə narahatlıq yaradır, hansı hisslərə toxunmaqla vəziyyəti gərginləşdirmək mümkündür. Və o, bundan istifadə edir," - deyə nazir əlavə edib.

Pistorius Almaniyanın bu cür psixoloji manipulyasiyalara uymamasını və "soyuqqanlı, təmkinli" qalmasını vacib sayıb.
O, həmçinin ordudan həddən artıq gözləntilərə yer olmadığını vurğulayıb:
"Bundesver hər bir PUA-ya reaksiya verə bilməz. Bizim gücümüz hərəkət edən hər şeyə atəş açmaqda deyil, baş verənləri soyuq başla qiymətləndirməkdədir," - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31