Ursula fon der Lyayen davamlı etimadsızlıq sınaqları ilə üzləşəcək - ÖZƏL 

Avropa Komissiyasının rəhbəri Ursula fon derr Lyayen yaxın aylarda Avropa Parlamentində etimadsızlıq səsvermələri ilə üz-üzə qala bilər. Olaylar.az xəbər verir ki,  Politico nəşrinin məlumatına görə, Avropa Xalq Partiyasına (EPP) daxil olan bir sıra deputatlar, o cümlədən fon der Leyenin partiyadaşları onun siyasətindən narazıdırlar və gələcəkdə etimadsızlıq təşəbbüslərini dəstəkləyə bilərlər.
Adının açıqlanmasını istəməyən EPP deputatı nəşrə bildirib ki, "qarşıda onun liderlik keyfiyyətlərini sınağa çəkəcək çoxsaylı səsvermələr olacaq". Onun sözlərinə görə, fon der Leyenə yönələn narazılıqlar təkcə müxalifətdən deyil, həm də onun partiyasının daxilindən gəlir. Deputat əlavə edib ki, ABŞ-la ticarət sazişi, büdcə layihəsi və MERCOSUR bloku ilə razılaşma kimi məsələlər Avropa Parlamentində ciddi narazılıq doğurur.
Politico qeyd edir ki, artan narazılıqlar fon der Leyenin davamlı olaraq etimadsızlıq səsvermələri ilə üzləşməsinə səbəb ola bilər. Avropa Komissiyasının adının çəkilməsini istəməyən nümayəndəsi isə bildirib ki, "Avropa Parlamentində bu Komissiyadan, xüsusilə də fon der Leyendən narazılıq açıq şəkildə hiss olunur" və "siyasi vəziyyətin nə vaxt dəyişəcəyini heç kim bilmir".
Avropa Parlamenti 6-9 oktyabr tarixlərində keçiriləcək plenar iclasda Avropa Komissiyasının rəhbərinə qarşı iki etimadsızlıq səsverməsini müzakirə edəcək. Politico-nun məlumatına əsasən, iki etimadsızlıq təşəbbüsünün eyni vaxtda təqdim olunması Avropa Parlamentinin tarixində presedentsiz haldır. Bu proseduru müxtəlif siyasi spektrlərdən olan fraksiyalar demək olar ki, eyni vaxtda - sentyabrın 10-da, fon der Leyenin "Avropa İttifaqının vəziyyəti" mövzusunda çıxışından əvvəl irəli sürüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31