Qazaxıstan Çin–Rusiya yük maşınlarını kütləvi şəkildə yoxlamağa başladı – Moskva qəzəbləndi

Qazaxıstan gömrük orqanları Çindən Rusiyaya daşınan yüklərdə sanksiya tətbiq edilə biləcək malların qarşısını almaq üçün genişmiqyaslı yoxlamalara start verib.

Musavat.com xəbər verir ki, rəsmilərin açıqlamasına görə, sərhəddən keçən yük maşınlarının təxminən 99 faizi yoxlamaya cəlb olunur.

Bu səbəbdən sentyabrın ortalarından etibarən Qazaxıstan-Rusiya sərhədində kilometrlərlə uzanan növbələr yaranıb. Sürücülər günlərlə sərhəddə gözləməyə məcbur qalıb, daşımalar isə ciddi şəkildə ləngiyib.

Avtomobil daşımaları bazarının iştirakçıları bildirirlər ki, baş verənlər Qazaxıstanın Qərb sanksiyalarına əməl etmək istiqamətində siyasətində dönüş olduğunu göstərir. Ölkə artıq "ikili təyinatlı" - həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilən malların tranzitini diqqətlə nəzarətdə saxlayır.

Ekspertlər hesab edirlər ki, bu kurs nəticəsində yük axınının bir hissəsi alternativ marşrutlara - Çin-Rusiya və ya Çin-Monqolustan-Rusiya sərhəd-keçid məntəqələrinə yönləndiriləcək. Bu isə tədarük zəncirində əlavə yubanmalara səbəb olacaq.

Rusiya mediasında bu qərar kəskin şəkildə qarşılanıb. Kremlə yaxın teleqram kanalları və təbliğatçılar, o cümlədən tanınmış aparıcı Sergey Mardan, bu mövzuda qəzəbli paylaşımlar ediblər. Mardan Qazaxıstanın bu addımını "Qərbin tapşırığı ilə hərəkət" kimi təqdim edərək, açıq şəkildə işğalla hədələyib.

Analitiklər bildirirlər ki, Rusiya indi Qazaxıstana qarşı informasiya hücumuna başlayıb. Moskva mediasında yayılan materiallarda Qazaxıstan "satqın tərəfdaş", "sanksiyalara yardım edən ölkə" kimi təqdim olunur.

Müşahidəçilər hesab edirlər ki, bu gərginlik yalnız gömrük məsələsi deyil - Moskvanın Orta Asiya üzərində təsirini itirdiyinin göstəricisidir. Qazaxıstan artıq beynəlxalq hüquqa və sanksiya rejiminə uyğun davranaraq, balanslı və müstəqil siyasət yürütməyə çalışır.

Rusiyanın iqtisadi əlaqələrinin məhdudlaşması fonunda Qazaxıstanın bu addımı Moskva üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilir. Kreml bu prosesə informasiya və təzyiq vasitələri ilə cavab verir, lakin Qazaxıstan hakimiyyəti geri çəkilmək niyyətində deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31