Ermənistanda müxalifət fraksiyaları etimadsızlıq prosesini müzakirə edir – ÖZƏL

Ermənistanda parlamentdə təmsil olunan "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan və "Ermənistan" blokunun deputatı İşxan Saqatelyan etimadsızlıq səsverməsi ilə bağlı növbəti addımları müzakirə ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.

Məlumata görə, "Şərəfim var" fraksiyası etimadsızlıq sənədini "Ermənistan" blokuna təqdim edib. Lakin bəzi deputatlar AŞPA-da səfərdə olduqları üçün sənədi hələ 3-4 nəfər imzalamayıb. Həmçinin sənədin həbsdə olan deputat Artur Sarkisyana da imzaladılması planlaşdırılır.

Hazırda iki fraksiyanın birlikdə 34 imzası var, lakin təşəbbüsü rəsmi qaydada təqdim etmək üçün daha iki imza tələb olunur. Deputatlar Ovik Aqazaryan və Akop Aslanyan isə dəstəyin qarşılığında şərtlər irəli sürürlər. Bildirilir ki, Aqazaryan vitse-premyer postuna iddialıdır.

Mətbuatın "Aqazaryan imza müqabilində vitse-premyer vəzifəsi istəyirmi?" sualına cavabında Tiqran Abramyan bunları deyib:
"Biz heç kimlə vəzifələr barədə müzakirə aparmamışıq. Prosesin əsasında vəzifələr deyil, hakimiyyətin mümkün qədər tez uzaqlaşdırılması dayanır. Əlavə məlumat olduqda açıqlama verəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31