Qraparak: Ovik Ağazaryan gələcəkdə baş nazirin müavini vəzifəsini tələb etdi - ÖZƏL

Olaylar.az xəbər verir ki,  "Qraparak" qəzetinin yazdığına görə, "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan və "Ermənistan" blokunun deputatı İşxan Saqatelyan etimadsızlıq səsverməsi ilə bağlı növbəti addımları müzakirə ediblər. Məlumata əsasən, "Şərəfim var" fraksiyası artıq etimadsızlıq blankını "Ermənistan" blokuna təqdim edib. Lakin bəzi deputatlar AŞPA-da ezamiyyətdə olduqları üçün 3-4 imza hələ atılmayıb. Bundan əlavə, həbsdə olan deputat Artur Sarkisyanın da imzası tələb olunur.
İki fraksiya birlikdə hazırda 34 imza toplayıb, amma təşəbbüsün gündəliyə daxil edilməsi üçün hələ iki səs çatışmır. Bu məqamda deputatlar Ovik Ağazaryan və Akop Aslanyan bir sıra şərtlər irəli sürüblər. Onlar siyasi qüvvələr arasında hakimiyyət bölgüsünün əvvəlcədən dəqiq müəyyən olunmasını və sonradan vəzifələrin bölüşdürülməsini tələb edirlər. Məlumata görə, Ovik Ağazaryan Ermənistanın vitse-premyer postuna iddialıdır.
Məsələ ilə bağlı açıqlama verən Tiqran Abramyan isə bildirib: "Hazırda bu barədə şərh vermirəm. Proses üzərində işimiz davam edir. Əlavə məlumat olanda ictimaiyyətə açıqlanacaq". O, həmçinin vəzifələr barədə heç bir danışıqlar aparılmadığını vurğulayıb:
"Biz heç kimlə postlar barədə müzakirə aparmamışıq. Prosesin əsas məqsədi hakimiyyətin ən qısa müddətdə istefasına nail olmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31