ABŞ hökumətinin fəaliyyətinin dayandırılması Ukraynaya silah tədarükünü gecikdirə bilər - ÖZƏL
10:19 DünyaABŞ hökumətinin fəaliyyətinin 1 oktyabr tarixindən etibarən dayandırılması Ukraynaya silah tədarükündə gecikmələrə səbəb ola bilər. Olaylar.az xəbər verir ki, The Telegraph nəşrinin Ukrayna hökumətindəki mənbəyə istinadən verdiyi məlumata görə, hərbi dəstək məsələləri ilə bağlı ABŞ-la aparılan məsləhətləşmələr dondurulub. Mənbə bildirib ki, əsas problem gələcək tədarüklərlə bağlı müzakirələrin dayanmasıdır:
"Hazırda Pentaqon, Dövlət Departamenti və Ağ Ev nümayəndələri görüşlər keçirmir. Bu səbəbdən bütün gələcək layihələr müəyyən qədər zərər görüb və biz vaxt itiririk".
Xüsusilə ABŞ-la Ukrayna arasında pilotsuz uçuş aparatlarının istehsalı texnologiyalarının mübadiləsi barədə danışıqlar da "havada qalıb". Ukrayna nümayəndə heyətləri yaxın həftələrdə ABŞ-a planlaşdırılan səfərlərini təxirə salmağa məcbur olub. Nəşr qeyd edir ki, məsləhətləşmələrin ləğvi iki ölkə arasında son dövrlərdə müşahidə olunan "münasibətlərin istiləşməsinə" mənfi təsir göstərə bilər. Halbuki Ukrayna hələ də cəbhədə "ağır itkilər" verməkdə davam edir.
Daha əvvəl The Wall Street Journal yazmışdı ki, bu həftə Ukrayna nümayəndə heyəti ABŞ-a səfər edərək pilotsuz aparatlarla bağlı razılaşmalar üzərində işləyib. Lakin yekun sənədlərin imzalanması bir neçə ay uzana bilər.
ABŞ hökuməti yeni maliyyə ili üçün büdcə qəbul edilmədiyi üçün fəaliyyətini dayandırıb.