ABŞ Livanın təhlükəsizlik qüvvələrinə 246 milyon dollar ayırıb – ÖZƏL

ABŞ prezidenti Donald Trampın administrasiyası Livan Silahlı Qüvvələri (LAF) və Daxili Təhlükəsizlik Qüvvələrinin (ISF) ehtiyacları üçün təxminən 246 milyon dollar ayırıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Al Arabiya English məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, vəsaitin 192 milyon dolları LAF-a, 54 milyon dolları isə ISF-ə yönəldilib. Lakin Reuters Konqresdəki demokrat nümayəndələrə istinadən fərqli rəqəmlər açıqlayıb - 190 milyon dollar LAF-a, 40 milyon dollar isə ISF-ə ayrıldığı qeyd olunub.

ABŞ uzun illərdir Livanın rəsmi təhlükəsizlik orqanlarını dəstəkləyir və bu yolla "Hizbullah"ın təsirini məhdudlaşdırmağa çalışır. Ötən həftə BMT Baş Assambleyası çərçivəsində Livan prezidenti Cozef Aun ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə görüşərək, ölkənin hava qüvvələrinə əlavə dəstək göstərilməsini xahiş edib.

Qeyd edək ki, ötən ilin noyabrında İsrail ilə "Hizbullah" arasında atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, İsrailin Livan ərazilərinə hava hücumları davam edir. ABŞ isə yeni maliyyə paketi ilə terror qruplaşmalarına qarşı mübarizədə Livan qüvvələrini gücləndirməyi hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31