ABŞ-də hökumət böhranı – minlərlə məmur məcburi məzuniyyətə göndərilib

Uzun illər sabitlik, tərəqqi, rifah, qanun-qayda adası kimi tanınmış ABŞ-də artıq daxili növraq pozulub, nələrsə qaydasında getmir. Ölkə tarixində heç vaxt olmayan, yaxud yüngülvarı olan işlərin ən ağır forması məhz indi baş verir.

Sentyabr 30-dan 1-nə keçən gecə ABŞ-nin bəzi dövlət qurumları (hamısı yox) bağlanıb və minlərlə dövlət qulluqçusu qeyri-müəyyən müddətə məzuniyyətə göndərilib. Bunun səbəbi ölkənin iki nəhəng partiyasının - respublikaçılar və demokratların növbəti maliyyə ili üçün büdcəni vaxtında razılaşdıra bilməmələridir.

Amerikalılar üçün bu "məcburi məzuniyyət"in qorxulu tərəfi onun Donald Trampın prezidentliyi dövründə baş verməsidir. Onun ilk müddəti həm bu cür hadisələrin sayına, həm də onların müddətinə görə bütün zamanların rekordunu görüb.

İşin dayandırılması Amerika siyasətində xroniki problemdir. Onların mümkünlüyü aylar öncədən xəbərdar edilir. Bununla belə, son onilliklərdə yalnız Cozef Bayden dövründə onlardan qaçmaq mümkün olub. Trampın sələfi və onun partiyası son anda bəzi güzəştlərə getməyə razılaşır, nəticədə müvəqqəti büdcə qəbul edilirdi.

Onlara partiyadan prezident seçilmiş əvvəlki sələflərin - Bill Klinton və Barak Obamanın dövründə qazanılmış təcrübə qismən təsir edirdi. Bu şəxslərin administrasiyalarının vaxtında dövlət məmurlarının işinin dayandırılması adətən respublikaçılarla güzəştə getməkdən imtina edən demokratların günahı üzündən olurdu. Ancaq Tramp elə bir şəxsdir ki, o, nadir hallarda siyasətdə nədənsə utanıb-çəkinə və ya qorxa bilər. Xüsusilə vacib saydığı məsələlərdə Tramp heç vaxt güzəştə getmək istəmir. Bəlkə də buna görə onun ilk dörd illik müddətində üç dəfə şatdaun (işin bağlanması) baş verib.

2019-cu ilin yanvarında məmurların məcburi məzuniyyəti 35 gün davam edib və bütün rekordları qırıb. Buna səbəb Trampın Meksika-Amerika sərhədində təhlükəsizliyin gücləndirilməsi üçün maliyyə vəsaiti daxil olmayan büdcəni imzalamaqdan qəti şəkildə imtina etməsi olub. Amma altı il əvvəl Konqresdə qüvvələr nisbəti indikindən köklü şəkildə fərqli idi.

Hazırda qanunverici orqanın hər iki palatasında respublikaçılar çoxluq təşkil edir. Yeganə problem odur ki, onlar Senatda büdcəni təkbaşına qəbul etmək üçün lazım olan 100 səsdən 60-na malik deyillər. Demokratların yuxarı palatadakı fraksiyası büdcə qanunvericilik paketinin bir hissəsi olan, respublikaçıların təklif etdiyi səhiyyə qanun layihəsini qəbul etməkdən imtina edib. Onlar bununla bağlı bir çox şeyi, ilk növbədə Medicaid-in ləğvini bəyənmirlər. Demokratlar inanırlar ki, bu, aztəminatlı qruplar üçün səhiyyə xidmətlərinə çıxış imkanlarını genişləndirir və ya (Tramp tərəfdarlarının indi inandığı kimi) işləmək istəməyənlər arasında asılılığı artırır və rifaha güvənməyə üstünlük verir.

Senat çoxluğunun lideri Con Tun dövlət qurumlarının "günü sabah" yenidən açıla biləcəyini söyləyib. Onun fikrincə, bunun baş verməsi üçün partiyadaşlarından fərqli düşünən və Amerikanın gələcəyinə diqqət yetirən bir neçə demokrat lazımdır. Ola bilsin ki, onlar tezliklə tapılsınlar.

Şatdaun mühüm siyasi silahdır. ABŞ-də dövlət məmurları çoxdur və onlar böyük qüvvədir. Onlar kiminsə konkret təqsiri, inadkarlığı üzündən vəsaitsiz qaldıqlarına qərar versələr, seçkilərdə çəkinmədən günahkarla bağlı mövqelərini ortaya qoyacaqlar. ABŞ-də isə artıq növbəti ildə Konqresə seçkilər olacaq. Görünür, demokratlar belə qərara gəliblər ki, bu şəraitdə prezident büdcə məsələlərində çeviklik nümayiş etdirməlidir, ona görə də onlar büdcənin qarşısını kəsiblər. Bununla belə, döyüşkənliyi və intriqabazlığı ilə məşhur olan Tramp döyüş ruhunu bir daha nümayiş etdirir.

Hazırkı şatdaunun maraqlı tərəflərindən biri odur ki, o, praktiki olaraq prezidentin Quantikodakı dəniz piyadaları bazasında etdiyi çıxışla üst-üstə düşür. Orada Tramp müdafiə departamentində ixtisarlar aparılacağını elan edib. Bu o deməkdir ki, bu yay milyarder İlon Maskın Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefası ilə başa çatmış kimi görünən kütləvi ixtisar kampaniyası, hökumət aparatının təmizlənməsi işi bərpa olunur. Bu da o anlama gəlir ki, bir çox dövlət işçiləri məcburi məzuniyyətdən qayıtmamaq riski ilə üzləşirlər.

Əslində İlon Maskın bu islahatı kefiköklükdən irəli gələn bir şey deyildi. ABŞ-də dövlət aparatı, bürokratik korpus həddən artıq şişkindir. On minlərlə məmur sadəcə səhər işə gəlir, qəhvə içə-içə laqqırtı vurur, iş saatları bitincə lüks avtomobillərinə minir, dostlar klublarına, piknikə, qolf oynamağa gedirlər. Bu "zəhmət"in müqabilində onlar hər ay külli miqdarda maaş alır, dövlət məmuru olmağın qanuni imtiyazlarından istifadə edirlər.

İlon Mask məhz bu neqativ hala son qoymaq istəmiş və ciddi müqavimətlə üzləşmişdi. Ona görə də belə bir ehtimal var ki, məmurlar ordusu Trampı növbəti dəfə geri çəkilməyə vadar edəcək. Ya da Tramp onlara "işləməyən dişləməz" prinsipinin nə demək olduğunu başa salacaq.

Araz Altaylı, Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31