İsveçin baş naziri Greta Tunberqi “Sumud” flotiliyasından geri dönməyə çağırdı - ÖZƏL
16:25 Dünyaİsveçin baş naziri Ulf Kristersson humanitar "Sumud" flotiliyasının tərkibində Qəzzaya yollanan ekofəal Greta Tunberqə və digər isveçlilərə səfərlərini dayandıraraq ölkəyə qayıtmaq çağırışı edib. Olaylar.az xəbər verir ki, Kristersson Kopenhagendə keçirilən qeyri-rəsmi sammitdə bildirib ki, İsveç hökuməti artıq 10 ildir vətəndaşlara Qəzzaya getməməyi tövsiyə edir: "Hökumət bu mövzuda kifayət qədər aydın danışıb - Qəzzaya səfər etməyin. İtaliya da eyni xəbərdarlığı edir, getdikcə daha çox ölkə bu addımı təhlükəli hesab edir. Mənim çağırışım sadədir: geri dönün, Qəzzaya getməyin", - deyə baş nazir vurğulayıb.
Bunun fonunda Greta Tunberq və səfərdə iştirak edən digər isveçlilər İsveç hökumətindən onların təhlükəsizliyini təmin etməyi və flotiliyanın qarşısını almaq cəhdlərini açıq şəkildə qınamağı tələb ediblər. Onlar Expressen qəzetində dərc olunan məqalədə yazıblar: "Bu dəfə İsveçin susmasına dözməyəcəyik."
"Sumud" (ərəb dilində "dözümlülük", "müqavimət" deməkdir) adlanan flotiliya sentyabrın 7-də Tunis sahillərinə çatıb. Fərqli ölkələrə məxsus 40-dan çox gəmidən ibarət missiyanın məqsədi Qəzza blokadasını yararaq mülki əhaliyə humanitar yardım çatdırmaqdır. Greta Tunberq də bu gəmilərdən birindədir. İsrail hakimiyyəti isə dəfələrlə bildirib ki, flotiliyanın Qəzza sahillərinə yaxınlaşmasına icazə verilməyəcək. Rəsmi Tel-Əviv humanitar yardımın Əşkelon limanında və ya başqa ölkələrin limanlarında boşaldılaraq daha sonra Qəzzaya göndərilməsini təklif etsə də, fəallar bu variantı qəbul etməyiblər.