Tehran susuz qaldı – Paytaxtın köçürülməsi gündəmdə

Tehran yaxınlığında yerləşən Məmlu su anbarında suyun həcmi kritik həddən də aşağı düşüb. 

Olaylar.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda anbarın su ehtiyatı 19 milyon kubmetr təşkil edir ki, bu da minimum hədd sayılan 28 milyon kubmetrdən azdır.

Məlumata görə, ilin əvvəlində Mamluda suyun orta həcmi 102 milyon kubmetr olub. Bu isə hazırkı göstəricidən 81 faiz çoxdur. Ehtiyatların kəskin azalması səbəbindən bəndin fəaliyyəti müvəqqəti dayandırılsa da, sonradan İranın su sənayesinin nümayəndələri onun işlək vəziyyətdə qaldığını bildiriblər. Onların sözlərinə görə, istehlakın daha səmərəli idarə olunması ilə böhranın təsirlərini qismən azaltmaq mümkündür.

Qeyd edək ki, İran son bir ildə ciddi su böhranı yaşayır. Tehran və digər bölgələrdə içməli su çatışmazlığı yaranıb.

"Bild"in məlumatına görə, ölkədəki su anbarlarının təxminən 80 faizi quruyub, əsas çaylar isə tamamilə tükənib. Hökumət sözçüsü Fatemeh Mohacerani vəziyyəti həm humanitar, həm də iqtisadi fəlakətə çevrilə biləcək "milli problem" adlandırıb.

Onun sözlərinə görə, paytaxt Tehranda vəziyyət xüsusilə ağırdır və hətta şəhərin müvəqqəti bağlanması ehtimalı belə müzakirə olunur. Bir neçə rayonda su təchizatına məhdudiyyət qoyulub, bəzi yerlərdə fasilələr 48 saata qədər davam edir.

Böhran səbəbindən əhalinin bir hissəsi su ehtiyatlarının nisbətən bol olduğu Xəzəryanı bölgələrə köçməyə başlayıb. Prezident Məsud Pezeşkian isə hətta paytaxtın köçürülməsi məsələsini gündəmə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31