Urmiya gölünün ətraf vilayətləri təxliyə edilə bilər
13:40 Dünyaİranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin arasındak - Urmiya gölünün ətrafında yaşayan insanların təxliyəsinə başlanılır.
Olaylar.az-ın məlumatına görə, bunu İranın Su Sənayesi Federasiyasının Rəyasət Heyətinin rəhbəri Rza Hacıkərim yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Urmiya gölündə duz qasırğası başlayıb. Duz qasırğası və Günəş şüasına görə, istilik dərəcəsi artır. Bütün bunlar Urmiya gölünün qurumasının mənfi nəticələridir.
Hacıkərim deyib ki, Urmiya gölünün quruması bölgədə həyatı və ekologiyanı məhv etmək üzərədir. Bu, hələ başlanğıcdır.
Federasiya rəhbəri qeyd edib ki, hazırda Urmiya gölü sanki ölüm ayağında olan xəstəyə bənzəyir. Dərhal qabaqlayıcı addımlar atılmalıdır.
"İran Urmiya gölünün xilası üçün beynəlxalq həll yollarından istifadə etməlidir. Urmiya gölünün ətrafında 31 min hektar təsərrüfat ərazisində yonca əvəzinə srateji məhsullar əkilərsə, ərzaq təhlükəsizliyindən əlavə gölün təxminən 475 milyon kubmetr suyuna qənaət etmək olar. Eyni zamanda gölün ətrafında alma bağlarının salınması tamamilə dayandırılmalıdır", - deyə o bildirib.
Qeyd edək ki, 2 avqust 2025- ci il tarixində yayımlanan statistikaya əsasən, Urmiya gölündə su səviyyəsi 1269 metr təşkil edib. Səviyyənin son dövrdə 50 santimetr azaldığı bildirilir. (Trend)