Qətər və Türkiyənin təzyiqi ilə HƏMAS Qəzza üzrə razılaşmaya razılıq verə bilər - ÖZƏL 

Olaylar.az xəbər verir ki,  ABŞ-ın The New York Times (NYT) qəzetinin yazdığına görə, radikal Fələstin hərəkatı HƏMAS Qəzza zolağında münaqişənin sona çatdırılması ilə bağlı ABŞ-ın təklif etdiyi plana Qətər və Türkiyənin təzyiqi altında razılıq verə bilər. Məlumata görə, təşkilat uzunmüddətli müharibədən xeyli zəifləyib və ənənəvi himayədarları olan müsəlman ölkələrinin, xüsusilə də Qətər və Türkiyənin ciddi təzyiqi ilə üzləşir. Qəzet yazır ki, HƏMAS bu planı qəbul etsə də, rədd etsə də, artıq əvvəlki kimi Qəzzada nəzarəti tam ələ ala bilməyəcək. NYT həmçinin qeyd edir ki, hərəkata rəhbərliyin razılaşmadan imtinası fələstinlilər arasında da narazılıq yarada bilər. Çünki bölgə əhalisi münaqişədən ən çox əziyyət çəkən tərəf olaraq HƏMAS-ı "öz siyasi sağ qalması naminə xalqı qurban verməkdə" ittiham edir.
Daha əvvəl Axios portalı xəbər vermişdi ki, Misir, Qətər və Türkiyə HƏMAS-ı ABŞ-ın planını qəbul etməyə inandırmağa çalışır.
Xatırladaq ki, sentyabrın 29-da İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında sözügedən planı dəstəklədiyini bəyan edib. O, eyni zamanda qeyd edib ki, əgər HƏMAS razılaşmanı qəbul etməzsə, İsrail "işi təkbaşına sona çatdıracaq".
Ağ Ev tərəfindən açıqlanan plana görə, Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması, HƏMAS-ın girov saxladığı israillilərin 72 saat ərzində azad olunması və bölgənin müəyyən müddət ərzində xarici idarəetməyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Qəzza sakinlərinə ərazini tərk etmək və sonradan geri qayıtmaq imkanı veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31