BMT: Bir neçə həftəyə Qəzza əhalisinin hamısı aclıq təhlükəsi ilə üzləşə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT-nin Dünya Ərzaq Proqramının (WFP) icraçı direktorunun müavini Karl Skau Kanadanın CBC telekanalına açıqlamasında bildirib ki, yaxın həftələrdə ərzaq tədarükü kəskin şəkildə artırılmasa, Qəzza zolağının bütün əhalisi aclıq təhlükəsi ilə üz-üzə qala bilər.

Onun sözlərinə görə, indiyədək aclıq yalnız əhalinin müəyyən hissəsini əhatə edirdi, lakin mövcud vəziyyət davam edərsə, bu, artıq 2,2 milyon insanın hamısını bürüyəcək. Hazırda Qəzzaya gündəlik təxminən 100 yük maşını ilə ərzaq daşınır ki, bu da real tələbatın çox kiçik hissəsini təşkil edir.

"Bu, dənizdə bir damladır. Bizə köklü şəkildə daha çox yardım lazımdır. Fevral-mart aylarında atəşkəs zamanı biz gündəlik 600-700 yük maşını ilə ərzaq çatdırırdıq və bu sayədə vəziyyəti nisbətən sabitləşdirmək mümkün olmuşdu", - deyə Skau vurğulayıb.

Xatırladaq ki, sentyabrın ortalarında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlamışdı ki, 1,4 milyon insan, əsasən Qəzza və Sudanda, kəskin ərzaq çatışmazlığı ilə üzləşib. Qurumun yenilənmiş "Qlobal ərzaq böhranları hesabatı"nda Qəzzada aclıq statusu rəsmi olaraq təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31