Samvel Karapetyan Ermənistanda dövlət–Kilsə münasibətləri üçün yeni formula təklif edir – ÖZƏL
29 Sentyabr 2025 10:47 DünyaErmənistanda həbsdə olan iş adamı, "Taşir Group" şirkətlər qrupunun sahibi Samvel Karapetyan dövlət və Kilsə münasibətləri üçün yeni formula təklif etməyə hazırlaşır.
Olaylar.az xəbər verir ki, bu barədə onun vəkilləri vasitəsilə yaydığı müraciətdə qeyd olunub.
Karapetyan iyun ayında Ermənistan-Apostol Kilsəsini dəstəkləyən bəyanatından sonra saxlanılıb. O hesab edir ki, dövlət və Kilsə əlaqələri elə tənzimlənməlidir ki, gələcəkdə heç bir "kiçik qrup" - belə adlandırdığı Paşinyan hökuməti - mühüm milli instituta qarşı hücum edib bundan fayda əldə edə bilməsin.
Onun sözlərinə görə, mövcud konstitusion əsaslar bu məsələnin həllinə imkan verir və mütəxəssislərlə müzakirələr düzgün modelin hazırlanmasına şərait yaradacaq.
Xatırladaq ki, Karapetyan 18 iyunda "hakimiyyəti ələ keçirməyə çağırış" ittihamı ilə həbs olunub. Bu, onun hakimiyyətin Kilsənin ali ruhaniləri ilə bağlı tənqidi çıxışlarına qarşı mövqe bildirməsindən sonra baş verib. İş adamı ittihamı qəbul etməyib və hökuməti "qeyri-qabiliyyətli" adlandırıb. Ardınca hökumət Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi və satışa çıxarılması barədə qərar qəbul edib, parlament isə bununla bağlı qanunları təsdiqləyib. Bundan əlavə, "Taşir Group"a qarşı axtarış və həbslər aparılıb.