Hindistan Rusiyadan əlavə S-400 və ya S-500 almağı nəzərdən keçirir- ÖZƏL
10:20 DünyaHindistan hökuməti Rusiya istehsalı olan zenit-raket sistemlərinin arsenalını genişləndirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, The Print qəzetinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, söhbət əlavə S-400 "Triumf" komplekslərinin və ya yeni nəsil S-500 "Prometey" sistemlərinin alınmasından gedir.
Mənbələr bildiriblər ki, Hindistanın əlavə S-400-lərə marağı bu sistemlərin yüksək effektivliyi ilə bağlıdır. Qeyd olunur ki, S-400-lər may ayında Pakistan ərazisində terrorçu hədəflərə qarşı keçirilən "Sindur" əməliyyatı zamanı özünü uğurla doğruldub. "S-400 özünü əməliyyatda çox yaxşı göstərdi və böyük çəkindirici potensiala malikdir. Biz daha çox belə sistemlərin, yaxud S-500-lərin alınmasını nəzərdən keçiririk", - deyə mənbə bildirib. Xatırladaq ki, Moskva ilə Dehli arasında 2018-ci ildə imzalanmış müqaviləyə əsasən, Hindistan beş S-400 kompleksinin alınmasını razılaşdırıb. Həmin sazişdə əlavə beş kompleksin də eyni şərtlərlə - yalnız inflyasiya və valyuta dəyişiklikləri nəzərə alınmaqla sifarişi mümkündür. Hindistan artıq bir neçə kompleks alıb, qalan iki kompleksin isə yaxın bir il ərzində çatdırılması gözlənilir.