Erməni müxalifətçini öldürən şəxs, görün, KİM İMİŞ...

Ermənistanda Armavir vilayətinin Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlində şübhəli şəxs saxlanılıb.

Modern.az  xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, saxlanılan şəxs bu ilin fevralında qətlə yetirilmiş Qriqor Ohanyanın qardaşıdır. Nazirliyin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə açıqlamasında cinayətin qisas zəminində törədilməsi versiyasının əsas götürüldüyünü bildirib. Onun sözlərinə görə, hadisənin arxasında siyasi motivlərin olması ehtimalı istisna olunur.

Məlumat verilir ki, Ohanyanın öldürülməsindən sonra qarşı tərəflər dəfələrlə "hesablaşma" üçün görüşməyə cəhd etsələr də, polis hər dəfə bu təşəbbüslərin qarşısını alıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Parakar icma rəhbəri Volodya Qriqoryan silahlı hücum nəticəsində öldürülüb. Hadisə zamanı polis zabiti də ölüb. Qətl ölkədə rezonans doğurub və siyasi motivlərlə bağlı müxtəlif ehtimallar səsləndirilib.

Volodya Qriqoryan bu ilin martında keçirilən yerli seçkilərdə hakim "Vətəndaş müqaviləsi" partiyasının namizədini məğlub edib. O, hazırda Bakıda məhkəmə qarşısında duran erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın yaratdığı "Həyat naminə ölkə" partiyasını təmsil edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31