Rusiya azərbaycanlı iş adamını həbs etdi: Tuapse limanının sahibi Şahlar Novruzov Kremlin hədəfində - DETALLAR
14:37 DünyaRusiyada azərbaycanlı iş adamlarına və diaspor nümayəndələrinə qarşı təzyiq və hüquqi təqib dalğası genişlənməkdə davam edir.
Musavat.com xəbər verir ki, bu prosesin son nümunəsi kimi Tuapse limanının sahibi, tanınmış azərbaycanlı iş adamı Şahlar Novruzov barəsində cinayət işi açılıb və o, artıq həbs olunub.
Rusiya Baş Prokurorluğunun yaydığı məlumata görə, Novruzov 919 milyon rubldan çox vəsaitin (təxminın 18 milyon manat) mənimsənilməsində ittiham olunur. Onun barəsində açılan iş Rusiya Cinayət Məcəlləsinin 30.3 və 159.4-cü maddələri - "xüsusilə iri məbləğdə dələduzluğa cəhd" - üzrə aparılır. Məlumata görə, o, rəhbəri olduğu "Kafe Köhnə Bakı" MMC və "Dar Frut" MMC şirkətlərinin nizamnamə kapitalında 100%-lik payı mənimsəməyə cəhd edib. Həmin kommersiya qurumlarına məxsus daşınmaz əmlakların bazar dəyəri 919,4 milyon rubl təşkil edir.
Məhkəmə iclası 17 oktyabr tarixinə təyin edilib.
"Kommersant" nəşrinin yazdığına görə, Novruzov hazırda istintaq təcridxanasındadır.
Bu hadisə tək bir cinayət işi kimi təqdim olunsa da, əslində Rusiyada son aylar azərbaycanlı iş adamlarına, diaspor liderlərinə və ümumilikdə azərbaycanlı icmalara qarşı aparılan daha geniş miqyaslı kampaniyanın tərkib hissəsidir. Hüquq - mühafizə orqanları ən müxtəlif bəhanələrlə iş adamlarını və diaspor liderlərini həbs edir. Rusiya mediası və Kremlin nəzarətində olan informasiya resursları isə bu saxta prosesi məqsədli şəkildə qabardaraq, ictimai rəy formalaşdırmaq və azərbaycanlılara qarşı mənfi imic yaratmaq xəttini aparır.
Kremlə yaxın politoloqlar və təbliğatçılar da bu kampaniyada fəal iştirak edərək azərbaycanlı icmaların təsir imkanlarını zəiflətməyə çalışır. Onların əsas məqsədi - Kiril Kabanovun da vaxtilə açıq şəkildə etiraf etdiyi kimi - Rusiyanın müxtəlif bölgələrində azərbaycanlı diasporunun siyasi və iqtisadi nüfuzunu sarsıtmaq, onların təşkilatlanma və təsir mexanizmlərini sıradan çıxarmaqdır.
Musavat.com yazarının fikrincə, bu təzyiq yalnız məhkəmə və informasiya müstəvisində aparılmır. 2024-cü ilin dekabrından - Rusiya ordusunun Azərbaycanın mülki təyyarəsini vurmasından sonra - Moskvanın Bakıya qarşı sistemli "hibrid müharibə" strategiyası daha açıq şəkildə özünü göstərir. Bu strategiyanın elementlərinə həm hüquqi və informasiya təzyiqləri, həm də birbaşa hərbi xarakterli təxribatlar daxildir.
Bunun ən bariz nümunələri kimi Ukraynada SOCAR şirkətinin iki yanacaqdoldurma məntəqəsinin, Azərbaycanın Kiyevdəki səfirliyinin və Odessa ərazisindəki qaz mərkəzinin raket və dron zərbələri ilə vurulması göstərilir. Bütün bunlar Rusiyanın yalnız siyasi deyil, iqtisadi və diplomatik müstəvidə də Azərbaycanı zəiflətmək strategiyasının tərkib hissəsidir.
Bizə görə Novruzov işi kimi hədəfli məhkəmə prosesləri bu strategiyanın iqtisadi ayağını təşkil edir. Azərbaycanlı iş adamlarının sərvətlərinin, paylarının və mülklərinin müsadirə edilməsi, onların kriminal obrazda təqdim olunması həm Rusiya daxilində ictimai rəyin manipulyasiyası, həm də diasporun maliyyə dayaqlarının zəiflədilməsi məqsədi daşıyır.
Bu isə öz növbəsində Rusiyada yaşayan milyonlarla azərbaycanlının sosial, iqtisadi və siyasi baxımdan daha asan idarə olunan və təsirsiz hala salınmasına xidmət edir.