Hindistan NATO baş katibinin açıqlamalarını rədd etdi - ÖZƏL
15:40 DünyaHindistan Xarici İşlər Nazirliyi NATO-nun baş katibi Mark Ruttenin Hindistanın Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında guya baş tutmuş telefon danışığına dair açıqlamalarını kəskin tənqid edib. Olaylar.az xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Randhir Caisval brifinqdə bildirib ki, Ruttenin dedikləri tamamilə əsassız və həqiqətə uyğun deyil: "Biz NATO-nun baş katibinin Hindistan Baş naziri ilə Rusiya Prezidenti arasında guya baş vermiş telefon danışığı barədə bəyanatı ilə tanış olduq. Aydınlıq gətirmək istəyirəm ki, bu açıqlama faktiki olaraq səhvdir və heç bir əsas yoxdur. Baş nazir Modi Putinə bu şəkildə heç vaxt müraciət etməyib, belə bir söhbət olmayıb".
O, NATO rəhbərliyini məsuliyyətli olmağa çağıraraq qeyd edib ki, "faktların təhrif edilməsi və ya mövcud olmayan söhbətlərin təqdim olunması qəbuledilməzdir".
Caisval əlavə edib ki, Hindistan enerji idxalını daxili bazarda sabit və əlçatan qiymətlərlə təmin etmək məqsədi daşıyır və ölkə milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa davam edəcək.