Ərdoğan Trampla görüşdən sonra sualları CAVABLANDIRDI: Mühüm mesajlar VERDİ
14:23 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən sonra jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Ağ Evdə ABŞ prezidenti Donald Tramp və komandası ilə görüş səmimi, konstruktiv və məhsuldar atmosferdə keçib.
Olaylar.az xəbər verir ki, Ərdoğan Türkiyə nümayəndə heyətinin qəbulundan məmnunluğunu ifadə edib və danışıqların bir sıra məsələlərdə əhəmiyyətli irəliləyişlə nəticələndiyini vurğulayıb.
Türkiyə lideri ABŞ-ın dünya sülhü ilə bağlı baxışını dəstəklədiyini qeyd edib. Türkiyə və ABŞ arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması hədəfləndirilir.
Görüşdə Qəzzada atəşkəs və Fələstində qalıcı sülh məsələsi də müzakirə olunub.
"Biz bu məsələdə konsensus əldə etmişik. İki dövlətli həll davamlı sülhün düsturudur; mövcud vəziyyət davam edə bilməz", - deyə Ərdoğan açıqlamasında bildirib.
O əlavə edib ki, terror təşkilatlarının Suriyanın gələcəyində yeri yoxdur və beynəlxalq ictimaiyyət Suriyada sülh və sabitliyin təmin olunması üçün ciddi addımlar atmalıdır.
Ərdoğan həmçinin Türkiyənin Aralıq dənizi resursları ilə bağlı mövqeyini aydın şəkildə açıqlayıb: "Biz resurslardan öz payımızı alırıq və qonşularımızla qarşılıqlı fayda prinsipi əsasında əməkdaşlıq edirik".
Kipr məsələsinə toxunan Prezident federasiya modelini "qapalı" adlandırıb və Ankaranın bu mövzunu müzakirə etmək niyyətində olmadığını vurğulayıb.