Almaniya kansleri Ukraynaya 140 milyard avro kredit təklif edib – ÖZƏL
26 Sentyabr 11:35 DünyaAlmaniya kansleri Fridrix Mers Ukraynaya yeni dəstək addımı olaraq, Avropada dondurulmuş Rusiya Mərkəzi Bankı aktivləri hesabına ölkəyə təxminən 140 milyard avro kredit verilməsini təklif edib.
Olaylar.az xəbər verir ki, o, bu barədə Financial Times üçün yazdığı məqalədə bildirib.
Mersin sözlərinə görə, kredit faizsiz olmalı və yalnız Rusiya Ukraynaya dəymiş zərəri ödədikdən sonra qaytarılmalıdır. Həmin vaxta qədər isə Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Bildirilib ki, təşəbbüs gələn həftə Kopenhagendə keçiriləcək qeyri-rəsmi Aİ sammitində müzakirə olunacaq və əsas mövzulardan biri olacaq.
Qeyd edək ki, hazırda Aİ yalnız bu aktivlərdən əldə olunan gəlirləri Ukraynaya yönəldir. Lakin Avropa Komissiyası əsas məbləğin istifadəsini də gündəmə gətirib.
Mers vurğulayıb ki, Almaniya artıq Avropada Ukraynanın ən böyük donoruna çevrilib və Kiyevin uzunmüddətli dəstəklənməsinin tərəfdarıdır: "Mən indi Ukraynanın hərbi davamlılığını bir neçə il təmin edəcək maliyyə resurslarının səfərbər olunmasını müdafiə edirəm", - deyə o qeyd edib.