Hollandiya NATO-nun şərq cinahına Patriot sistemləri göndərəcək - ÖZƏL
26 Sentyabr 2025 11:27 DünyaHollandiya yaxın həftələrdə NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə Polşaya "Patriot" zenit-raket kompleksləri göndərəcək. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Dik Şof "Bloomberg TV"yə müsahibəsində bildirib.
Baş nazir qeyd edib ki, Polşaya göndəriləcək sistemlərin sayı açıqlanmayıb, lakin müttəfiqlərlə şərq sərhədinin daha etibarlı qorunması istiqamətində müzakirələr aparılır.
Dik Şof həmçinin Avropa İttifaqının 2027-ci ildən etibarən Rusiya neftindən imtina etməsinin real olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Macarıstan və Slovakiyanı rus enerji resurslarından imtina etməyə təzyiq edə bilər. Baş nazir əlavə edib ki, bu ölkələrin alternativ enerji mənbələrinə çıxışını təmin etmək vacibdir. Qeyd edək ki, sentyabrın 10-da Polşa ordusunun komandanlığı ölkənin hava məkanına daxil olmuş bir neçə obyektin vurulduğunu açıqlayıb. Baş nazir Donald Tusk həmin gecə 19 hava sərhədi pozuntusunun qeydə alındığını bildirib. Hadisədən sonra Polşanın müraciəti əsasında NATO Şimal Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq məsləhətləşmələrə başlayıb.
Rusiya Müdafiə Nazirliyi isə həmin gün Ukraynanın bir sıra müdafiə sənayesi müəssisələrinə zərbə endirildiyini, lakin Polşa ərazisinin hədəfə alınmadığını bəyan edib. Nazirlik, məsələ ilə bağlı Varşava ilə məsləhətləşmələrə hazır olduğunu vurğulayıb.