Musavat.com xəbər verir ki, Moskva artıq MDB ölkələrinin, xüsusən də türkəsilli dövlətlərin tarix dərsliklərini diqqət mərkəzinə alıb.
Rusiya Federasiyası Prezidentinin yanında fəaliyyət göstərən Millətlərarası Münasibətlər üzrə Şuranın üzvü, "Tarixi Yaddaş" fondunun direktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun elmi işçisi, Rusiya Hərbi-Tarixi Cəmiyyətinin Elmi Şurasının üzvü Aleksandr Dyukovun araşdırması bu istiqamətdə aparılan geniş təftişin ilk nümunəsi sayılır.
Dyukovun təqdim etdiyi məqalədən aydın görünür ki, Kreml birbaşa Vladimir Putinin rəhbərliyi altında MDB məkanında dərsliklərin məzmununa nəzarəti gücləndirməyi planlaşdırır. Məqsəd - həmin ölkələrin gənc nəslində pantürkist ideyaların formalaşmasının qarşısını almaq, Rusiyanın isə işğalçı və şovinist kimi təqdim olunmasına son qoymaqdır.
Dyukovun həyasız və heyrətamiz sitatları
Aleksandr Dyukov yazır:
"Bugünkü MDB ölkələrinin dərsliklərində gənc nəsil arasında 'rus' və 'türk' dünyalarının qarşıdurması süni şəkildə yaradılır. Bu, gələcəkdə münasibətlərin daha da zəhərlənməsinə hesablanmış ideoloji qurğudur."
"Azərbaycan, Özbəkistan və Qazaxıstan dərsliklərində Türkiyə 'qardaş', 'müdafiəçi' və 'xilaskar' obrazında təqdim edilir. Bu isə gənclərin şüurunda Rusiya imperiyasının düşmən obrazını möhkəmləndirir."
"Özbəkistan dərsliyində 'kiril əlifbasına keçidin məqsədi Türkiyədən uzaqlaşdırmaq idi' kimi tezislərin təkrar-təkrar verilməsi heç də təsadüfi deyil. Bu, sovet dövrü siyasətini qara rəngdə göstərmək cəhdidir."
"Azərbaycan dərsliyində 'ermənilərin köçürülməsi osmanlılarla azərbaycanlılar arasına nifaq salmaq məqsədi daşıyırdı' ifadəsi açıq-aşkar pantürkist ideoloji vurğunu ortaya qoyur."
"Qazaxıstanda Osmanlı sultanına ümid bəsləyən şair Şortanbay Kanayulunun misallarla göstərilməsi, Rusiyanın 'xalqlar türməsi' adlandırılması gənc nəslin şüurunda hansı təsəvvür yaradır, görmək çətin deyil."
"Tacikistan istisnadır. Orada pantürkizm yad ideologiya kimi göstərilir və türklərin taciklər üzərində hegemonluğu vurğulanır. Bu, obyektiv yanaşmaya daha yaxın mövqedir."
Dyukov nəticə olaraq bildirir:
"Moskva üçün əsas narahatlıq odur ki, bu dərsliklərdə Rusiya işğalçı, Türkiyə isə xilaskar kimi göstərilir. Bu yanaşma dəyişdirilməlidir. Əks halda, gələcək nəsillərin münasibətləri düşmənçilik üzərində qurulacaq."
Musavat.com-un məlumatına görə, Dyukovun araşdırması göstərir ki, Rusiya artıq 1990-cı illərdəki kimi ideoloji aqressivliyə qayıdır. Kreml strateji olaraq MDB ölkələrinin dərsliklərini nəzarətə götürür, pantürkizm ideyalarını sıxışdırmaq, türk dövlətlərinin bir-birinə bağlılıq çabalarını zəiflətmək niyyətini açıq şəkildə ortaya qoyur.
Beləliklə, Dyukovun məqaləsi Moskvanın pantürkizmə qarşı strateji hazırlığının "elmi əsaslandırılması" kimi təqdim edilir. Hədəf isə açıqdır: MDB ölkələrinin, xüsusən türk dövlətlərinin gənc nəsillərinin tarix dərslikləri üzərindən ideoloji təsirə alınması.
Musavat.com