Şanxay Əməkdaşlıq Təşkilatı: Bakı və İrəvan üçün qapılar açıqdır – ÖZƏL
15:44 DünyaŞanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dialoqa, əlaqələrə və müxtəlif formatlarda əməkdaşlığa açıqdır, üzv dövlətlər arasında konsensus olduğu təqdirdə isə təşkilatın məqsəd və prinsiplərini bölüşən ölkələri sıralarına qəbul etməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bunu ŞƏT-in baş katibi Nurlan Yermekbayev "İzvestiya"ya müsahibəsində bildirib.
O, Azərbaycanın və Ermənistanın tamhüquqlu üzvlüyünə dair suala cavab verərkən qeyd edib ki, təşkilatda "bloklama" kimi anlayış yoxdur:
"Hər bir qərar müzakirələr, baxış və konsensus nəticəsində qəbul edilir. Bir çox məsələlərin razılaşdırılması üçün müəyyən vaxt tələb olunur. Bununla yanaşı, təşkilatın qapıları onun prinsiplərinə və maraqlarına zidd olmayan bütün ölkələr üçün açıq qalır".
Yermekbayev, 2024-cü ildə Astanada qəbul edilən "Yaxşı qonşuluq, etimad və tərəfdaşlıq prinsipləri haqqında" bəyanata istinad edərək bildirib ki, bu mövqe ŞƏT-in açıq təşkilat olduğunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, Tyanjində keçirilən sammitdə Laosun dialoq üzrə 15-ci tərəfdaş kimi qəbul edilməsi də bu prinsipin bariz nümunəsidir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın ŞƏT-ə müraciətini Hindistan, Ermənistanın müraciətini isə Pakistan dəstəkləməmişdi.