Aİ-dən Rusiyaya sərt ittiham: Sülhə mane olan yeganə ölkədir – ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasının sonunda çıxış edən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanı eskalasiya yolunu seçməkdə ittiham edib. 

Onun sözlərinə görə, son aylar Rusiya günahsız mülki əhaliyə qarşı hücumların sayını artırıb və Avropa İttifaqı ölkələrinin hava məkanını pilotsuz uçuş aparatları və təyyarələrlə qəsdən pozub.

Kallas bildirib ki, bu hərəkətlər Rusiya tərəfindən Avropa və qlobal sülhün və təhlükəsizliyin sarsıldığını göstərir. O qeyd edib ki, sülh perspektivini pozan yeganə ölkə Rusiyadır və heç kim ukraynalılardan daha çox sülh istəmir.
Aİ nümayəndəsi qlobal tərəfdaşları təsirlərindən istifadə edərək Rusiyaya təzyiq göstərməyə çağırıb ki, qanunsuz müharibə dərhal dayandırılsın və beynəlxalq hüquqa əsaslanan davamlı və ədalətli sülhə nail olunsun.

Kallas sonda Avropa İttifaqının Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb və Aİ-nin Ukraynanın hərbi, iqtisadi və diplomatik cəhətdən yanında olduğunu qeyd edib. O əlavə edib ki, bu dəstəyin məqsədi sülhü reallığa çevirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31