Qazaxıstan neft hasilatını 2025-ci ildə 13,4 % artırıb – ÖZƏL
11:44 DünyaQazaxıstan 2025-ci ilin yanvar-avqust aylarında neft hasilatını 13,4% artıraraq 67,4 milyon ton neft hasil edib.
Olaylar.az bu barədə ArbatMedia-ya istinadən xəbər verir.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, artıma əsas töhfəni Tengiz layihəsi verib. Burada hasilat 42% artaraq 26,83 milyon tona çatıb. Qaraçağanaqda isə hasilat 4,6% artaraq 8,38 milyon ton təşkil edib.
Eyni zamanda, Qaşaqan yatağında təmir işləri ilə əlaqədar hasilat 1,9% azalaraq 12,16 milyon ton olub. Buna baxmayaraq, Tengizdəki artım və digər böyük yataqlardakı sabitlik ümumi hasilatın artmasını təmin edib.
Səkkiz ay ərzində neftin emalı 5,6% artaraq 12,2 milyon ton təşkil edib. Sentabrın sonuna qədər bu rəqəmin 14 milyon tona (+5,9%) çatacağı gözlənilir.
Həmçinin səkkiz ayda neft məhsullarının istehsalı 8,7% artaraq 10,2 milyon ton, illik isə 13,7 milyon ton olub.
Qeyd olunur ki, dünyanın ən böyük enerji şirkətlərindən biri olan ABŞ-nin "Chevron" korporasiyası Tengiz layihəsi üzrə müqavilənin müddətini uzatmağa çalışır. Mövcud müqavilənin müddəti 2033-cü ildə başa çatır.