Ukraynaya dəhşətli DRON HÜCUMU: Xarkov alov içində
10:42 DünyaSentyabrın 23-dən 24-nə keçən gecə Rusiya silahlı qüvvələri Xarkov və ətraf rayonlara iri miqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib. Hücum nəticəsində yanğınlar baş verib, bir neçə nəfər xəsarət alıb.
Olaylar.az "RBC Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti Teleqram kanalında məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 23-ü axşam saatlarında Ruslar Xarkova geniş pilotsuz təyyarə hücumu həyata keçirib. Xarkov meri İqor Terexov bildirib ki, ilk partlayış saat 22:10-da eşidilib və hücum təxminən bir saat davam edib. Şəhərdə 17 partlayış səsi qeydə alınıb.
Fövqəladə Hallar Dövlət Xidməti açıqlayıb ki, Xolodnoqorsk rayonunda dörd yanğın baş verib:
"Mağaza binası, yardımçı tikili və digər obyektlər yanıb. Şəxsi evlərə və avtomobillərə ziyan dəyib. Bir nəfər yaralanıb", - deyə rəsmi məlumatda qeyd olunub.
Sentyabrın 24-nə keçən gecə Çuquev də dron hücumuna məruz qalıb. Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, şəhərdə iki ünvanda yaşayış binası, qaraj və avtomobillər yanıb, bir nəfər xəsarət alıb.
Həmçinin, Buqayivka kəndində də yaşayış evi və yardımçı tikililər yanıb.
Xatırladaq ki, ruslar Xarkovu mütəmadi olaraq pilotsuz təyyarələr, raketlər və hava bombaları ilə hədəf alırlar.