Ekspert: ABŞ təsiri ilə Cənubi Qafqazda yeni siyasi reallıq formalaşır – ÖZƏL
10:40 DünyaCənubi Qafqazda münasibətlər və proseslər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu, birbaşa ABŞ-nin təsiri ilə baş verir.
Olaylar.az xəbər verir ki, bu fikri politoloq və iqtisadçı, Siyasi-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov Sputnik Ermənistan radiosunun efirində bildirib.
Ekspertin sözlərinə görə, regionda yeni reallıq Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası və sülh sazişinin imzalanmasıdır. Koltaşov qeyd edib ki, paradoksal şəkildə bu proses nəticəsində əgər gələcəkdə Rusiya ilə Azərbaycan arasında hərbi qarşıdurma baş verərsə, ABŞ-nin təmin etdiyi zəmanətlərə güvənən Ermənistan Bakı üçün dolayısı dəstəyə çevrilə bilər.
Politoloq vurğulayıb ki, regionda tamamilə yeni münasibətlər sxemi formalaşır və bu sxemdə Rusiyaya yer qalmır. Onun sözlərinə görə, Ermənistan nəticədə Gümrüdə yerləşən Rusiya hərbi bazasının bağlanmasını da gündəmə gətirə bilər. Bundan əlavə, İrəvan artıq Moskva ilə ticarət-iqtisadi dövriyyəni kəskin azaltmaq istiqamətində addımlar atıb. Oxşar proseslər Azərbaycanda da müşahidə olunur.
"Bu dəyişikliklər göstərir ki, regionda iqtisadiyyata və ticarət dövriyyəsinə artıq siyasi qərarlar təsir etməyə başlayıb. Aydındır ki, iqtisadi dəyişikliklər yalnız o zaman baş verir ki, siyasi sahədə artıq hər şey qəti şəkildə həll olunub. Deməli, bunları artıq baş vermiş fakt kimi dəyərləndirmək olar. Bu isə Rusiya üçün ən uğursuz ssenarilərdən biridir", - deyə Koltaşov bildirib.
Ekspert əlavə edib ki, Rusiya diplomatiyası Cənubi Qafqazda qarşıya qoyulan hədəfləri yerinə yetirə bilməyib. Onun fikrincə, əsas məqsəd bölgədə hərbi münaqişənin qarşısını almaq və Rusiyanın hər hansı formada bu prosesə cəlb olunmasının qarşısını almaq idi. Lakin Moskva bu ziddiyyətləri həll edə bilmədiyi üçün vəziyyət kritik mərhələyə keçib.