Trampın BMT qərargahı ilə bağlı şikayətləri gündəm oldu - ÖZƏL
10:24 DünyaABŞ prezidenti Donald Trampın Nyu-Yorkdakı BMT qərargahının vəziyyəti ilə bağlı iradları təşkilatın 80-ci sessiyası çərçivəsində Baş Assambleyanın kuluarlarında ən çox müzakirə edilən mövzu olub. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri yazıb. Nəşrin əməkdaşlarının söhbətləşdiyi BMT işçiləri də təsdiqləyiblər ki, bina getdikcə köhnəlir və təmirə ehtiyac duyur, baxmayaraq ki, on il əvvəl əsaslı yenilənmişdi. Onların sözlərinə görə, hazırda qərargahda işləməyən eskalatorlar, cırıq oturacaq örtükləri və təhlükəsizlik yoxlama məntəqələrində nasazlıqlar mövcuddur. Baş Assambleyada çıxışı zamanı Tramp işləməyən eskalator və teleprompterdən şikayətlənib, həmçinin təşkilatın vəsaitləri, xüsusən də Manhettendəki binanın yenidənqurma işləri üçün sərf olunan pulları "qeyri-rasional" adlandırıb. Politico-ya danışan Avropa rəsmisi bildirib ki, Trampın komandası tədbirə öz teleprompterini gətirib, lakin onun da işində problemlər yaranıb. BMT isə hadisəyə münasibət bildirərək açıqlayıb ki, Tramp eskalatorda olarkən cihazın dayanması təsadüfən baş verib və təhlükəsizlik mexanizminin işə düşməsi ilə əlaqədar olub. Mexanizmin, yəqin ki, bir videooperator tərəfindən aktivləşdirildiyi qeyd olunub.