Britaniya Hərbi Dəniz Qüvvələri Yəmən sahillərində hadisə barədə xəbərdarlıq edib - ÖZƏL
11:34 DünyaBritaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəzarəti Mərkəzi (UKMTO) Yəmənin Aden limanına yaxın ərazidə baş verən hadisə barədə məlumat yayıb. Olaylar.az xəbər verir ki, məlumata görə, hadisə Adenin şərqində 120 dəniz mili məsafədə qeydə alınıb. Gəmi heyəti partlayış səsi və su səthində dalğalanmalar müşahidə etdiklərini bildirib. UKMTO qeyd edib ki, hadisə zamanı gəmi zərər görməyib və növbəti limana doğru hərəkət edir, heyət üzvləri təhlükəsizdir. Mərkəz digər gəmiləri ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb. Qeyd edilir ki, 2023-cü ildə Qəzzada vəziyyət gərginləşdikdən sonra Yəməndəki "Ənsar Allah" husi üsyançıları İsrailə məxsus gəmilərə qarşı atəş açıla biləcəyini xəbərdar etmişdi. Hələ yanvar ayında atəşkəs elan olunsa da, mart ayında razılaşmanın pozulmasından sonra üsyançılar Qırmızı dənizdə İsrail gəmilərinə hücumları bərpa edəcəklərini bildirmişdi.