Kopenhagen və Osloda dron həyəcanı: hava limanları müvəqqəti bağlandı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagen hava limanı 22 sentyabr axşamı yaxınlıqda dronların görünməsi səbəbindən təyyarələrin qəbulu və yola salınmasını dayandırıb. Kopenhagen polisinin məlumatına görə, hava limanı üzərində iki-üç dron müşahidə edilib.

Təxminən üç saat sonra hava limanının fəaliyyəti bərpa olunub. Rəsmi açıqlamada qeyd olunub ki, bəzi reyslərdə gecikmə və ləğvlər mümkündür, sərnişinlərə isə aviaşirkətlərdən dəqiqləşdirmə aparmaq tövsiyə olunub. Hazırda polis və digər hüquq-mühafizə orqanları hadisəni araşdırır.

BBC News-un Flightradar24-ə istinadən yaydığı məlumata görə, təxminən 35 reys Kopenhagendən digər hava limanlarına yönləndirilib. Danimarka polisinin nümayəndəsi Yakob Hansen bildirib ki, dronların haradan gəldiyi və sonradan hara getdiyi məlum deyil.

Oxşar hadisə Norveçin paytaxtı Oslodakı Gardermuen hava limanında da qeydə alınıb. Burada da tanınmamış bir dronun aşkarlanmasından sonra hava məkanı bağlanıb. Yerlilərin sözlərinə görə, hava limanı təxminən saat 03:30-da yenidən fəaliyyətini bərpa edib. NRK xəbər verir ki, bağlanma zamanı ən azı altı təyyarə bölgədə olub və onlar digər hava limanlarına yönləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31